Aparılmış tədqiqatlar göstərdi ki, binaların istehlak etdiyi enerjinin miqdarının azalmasını əsas istiqamətlərindən biri də bina və qurğuların tikintisində daha yüngül, enerjiyə qənaətli, ekoloji təmiz divar materiallarından istifadə edilməsidir. Son illərdə dünya tikinti praktikasında geniş tətbiq edilən belə materiallardan biri də polistirolbetondur. Polistirolbeton bloklardan divar hörgü konstruksiyalarının hesablanması və layihələndirilməsi Azərbaycan Respublikasında qüvvədə olan layihələndirmə normaları ilə tənzimlənmir. Dünyada aparılmış elmi tədqiqat işlərində polistirolbeton qoruyucu divar konstruksiyalarının zəlzələ yükləri təsirinə dayanıqlığı tələb olunan dərəcədə öyrənilməmiş, normativ sənədlər əsasən qeyri-seysmik zonalar üçün tərtib edilmişdir. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Azərbaycan Respublikasının digər əraziləri yüksək intensivlikli zəlzələ rayonunda yerləşir. Məqalədə hörgü konstruksiyaları üzərində dünyada aparılan elmi-tədqiqat işlərinin icmalı aparılmış, polistirolbeton bloklardan, panellərdən qoruyucu divar konstruksiyalarının tətbiq sahələri müəyyənləşdirilmiş, polistirolbeton bloklardan qoruyucu divar konstruksiyalarının materiallarına tələblər təyin edilmiş, polistirolbeton məmulatlarından hörgü konstruksiyası üçün yapışqan kompozisiyaları öyrənilmişdir. Blokların, məhlulun fiziki mexaniki göstəricilərinin (möhkəmliyinin, ilişgənliliyinin) təyin edilməsi üsulları müəyyənləşdirilmiş, məhlulun blokların sıxılmada, dartılmada möhkəmlikləri, məhlulla blokların ilişgənliyi təyin olunmuşdur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkəmizin digər rayonlarında tikiləcək binalarda polistirolbeton bloklardan qoruyucu divar konstruksiyalarının tətbiqi binaların istilik mühafizəsinin səmərəli təşkilini, yaşıl enerjidən istifadəsini və enerjiyə qənaət edilməsini təmin edə bilər.