AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

Azərbaycanda İnşaat və Memarlıq

Elmi-Praktiki jurnal

RƏY VERMƏK

1. Ümumi müddəalar

1.1. Elmi məqalələrin “Azərbaycanda inşaat və memarlıq” elmi-praktiki jurnalında dərc edilməsi üçün müəlliflər tərəfindən təqdim olunan əlyazmalarının resenziyadan keçirilməsi nəzərdə tutulur.

1.2. Bu Qaydalar resenziya üçün  təqdim edilmiş  məqalələrin nəzərdən keçirilmə qaydalarını,  müddətini və rəyçilərin  tərkibinə dair tələbləri müəyyən edir.

 

2. Elmi məqalələrin resenziyasına dair tələblər:

2.1. Jurnalın redaksiyası “Elmi-texniki məqalələrin hazırlanması qaydaları”na  uyğun hazırlanmış elmi-texniki məqalələri baxılmaq üçün qəbul edir.

2.2. Məqalənin jurnalın profilinə uyğunluğu müəyyən edildikdən sonra baş redaktorun adından müəllif(lər)in adı göstərilmədən  məqalə resenziyaya göndərilir. Rəyçiyə bildirilir ki, ona göndərilən materiallar müəlliflərin şəxsi mülkiyyətidir və məqalədəki məlumatların başqa şəxslərə açıqlanması yolverilməzdir. Rəyçiyə materialların surətini çıxarmağa və ya üçüncü şəxslərə ötürməyə icazə verilmir.

2.3. Məqaləyə dair  rəydə aşağıdakılar əks olunmalıdır: İcmal sərbəst formada yazılmalı və məqalənin elmi (nəzəri, metodoloji və konseptual) səviyyəsi, elmi yeniliyi qiymətləndirilməli, müəllifin əldə etdiyi nəticələrin yenilik dərəcəsi və praktiki əhəmiyyəti, onların müvafiq elm sahəsində elmi ideyaların inkişafına verdiyi töhfənin dərəcəsi, məqalədəki çatışmamazlıqlar və başqa mənbələrdən koçürülmənin  olub-olmaması, məqalənin dərc edilməsinin məqsədə-uyğunluğu və ya onun rədd edilməsi və yenidən baxılmasının mümkünlüyünə dair  nəticə əksini tapmalıdır.  Rəy ekspertin  imzası ilə imzalanır.

2.4. Rəyçinin rəyi müsbət olarsa, məqalə jurnalın növbəti nömrələrindən birində dərc edilmək üçün redaksiya heyəti  tərəfindən qərarlaşdırılır.

2.5. Rəydəki  iradların nəzərə alınması və məqaləyə yenidən baxılması zəruriliyi ilə bağlı nəticə varsa, məqalənin əlyazması iradların düzəldilməsi üçün müəllifə qaytarılır. Müəllif  tərəfindən məqalənin işlənmiş variantı yenidən baxılması üçün rəyçilərə göndərilə bilər.

      Rəy təkrar mənfi  olduqda, əlyazma rədd edilir  və  yenidən redaksiyaya göndərilməməlidir.

2.6. Məqalə mənfi qiymətləndirildikdə, jurnalın redaksiya heyəti rəyçi(lər)in adlarını qeyd etmədən müəllif(lər)ə rəylər əlavə edilməklə əsaslandırılmış imtina məktubu göndərir.

2.7. Məqalənin resenziyadan keçirilməsi:

       a) məqalə müəllif göstərilmədən rəyçiyə göndərilir;

       b) rəyin kim tərəfindən hazırlandığı məxfi saxlanılmaqla müəllifə  (müəlliflərə) göndərilir.

      c) rəyçi resenziya üçün aldığı elmi məqaləni məxfi sənəd kimi qəbul etməlidir. Baş redaktor tərəfindən  səlahiyyətləri olmayan  şəxslər məqaləni aça  və müzakirə edə bilməzlər.

2.8.Resenziyadan  keçirilən hər bir məqalə üzrə rəylər və tövsiyələr jurnalın redaksiyasında məqalə dərc olunduğu gündən bir il müddətində saxlanılır. Müvafiq sorğu olarsa redaksiya rəylərin nüsxələrini tələb olunan quruma göndərmək hüququna malikdir.

 

 

 

3.   Resenziyanın müddəti:

3.1.Məqalənin əlyazması jurnalın redaksiyasına daxil olduqdan sonra rəylər  üçün göndərilir.

3.2. Resenziyadan  keçirilmə müddəti məqalənin əlyazmasının rəyçiyə təqdim edildiyi gündən etibarən on iş günündən çox olmamalıdır. Rəy üçün əlavə müddət 5 gündən çox olmamalıdır.

3.3. Ekspert məqaləyə rəyi bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə jurnalın redaksiyasına təqdim etmədikdə, məqalə redaksiya heyətinin qərarı ilə başqa ekspertə  göndərilə bilər.

    4.     Rəyçilərin tərkibi:

        Rəyçi kimi jurnalın redaksiya heyətinin üzvləri, habelə məqalənin elmi ixtisasına  uyğun  elmlər doktorları və ya fəlsəfə doktorları ola bilər.

 

 5.   Rəyçilərin vəzifələri:

5.1. Rəyçinin hazırladığı rəy redaktora məqalələrə dair qərarlar qəbul etməyə,  müəlliflərə işin keyfiyyətini artırmağa kömək edir.

5.2. Məqaləni nəzərdən keçirmək üçün kifayət qədər vaxtı olmayan  rəyçi redaktoru xəbərdar etməli və müvafiq əlyazmanın nəzərdən keçirilməsi prosesindən xaric edilməsini xahiş etməlidir.

5.3. Rəyçi elmi məqaləyə obyektiv qiymət verməyə borcludur. Rəyçilər öz fikirlərini aydın  və əsaslandırılmış şəkildə ifadə etməlidirlər.

5.4. Rəyçilər əlyazmada əksini  tapmış, lakin, istinad siyahısına daxil edilməyən  araşdırmaları müəyyən etməlidir. Əvvəllər dərc edilmiş məqaləyə dair nəticələrə əlyazmada müvafiq biblioqrafik istinadlar olunmalıdır. Ekspert nəzərdən keçirilən əlyazma ilə bu sahə üzrə  dərc edilmiş digər məqalələr arasında oxşarlığın və ya təkrarlanmanın olmasına dair redaktoru məlumatdırmalıdır.

6. Şəffaflıq və maraqların toqquşması

6.1. Təqdim edilmiş məqaləyə aid  dərc olunmamış məlumatlar müəllifin yazılı razılığı olmadan şəxsi tədqiqatlarda  istifadə edilə bilməz. Məqalənin resenziyası  zamanı müəyyən  edilmiş elmi məlumat və ya ideyalar məxfi saxlanılmalı və şəxsi mənfəət üçün istifadə edilməməlidir.

6.2. Müəlliflər, şirkətlər və ya təqdim olunmuş işlə bağlı hər hansı digər təşkilatla rəqabət, əməkdaşlıq və ya qarşılıqlı əlaqə nəticəsində maraqları toqquşan rəyçilər  əlyazmaları nəzərdən keçirməməlidirlər.