BAŞ REDAKTOR
Abdı Nazim oğlu Qarayev– texnika üzrə fəlsəfə doktoru,
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru və
AzİMETİ-nin Elmi Şurasının sədri.
O, əmək fəaliyyətinə başladığı illərdən hal-hazıra kimi bina və qurğuların dəmir-beton və daş konstruksiyalarının tədqiqə dair bir çox elmi-tədqiqat işlərinin məsul icraçısı, rəhbəri olmuş və çoxqatlı (boşluqlu) divar daş konstruksiyalarının seysmik ərazilərdə tətbiqi yolları tədqiq edilmişdir. Bu tədqiqatların nəticələri müxtəlif simpozium və konfrans materiallarında, elmi məcmuələrdə çap olunmuş 50-yə qədər elmi məqalələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikasında ilk dəfə olaraq AzDTN 2.3-1 “Seysmik rayonlarda tikinti” normativ sənədi onun rəhbərliyi ilə işlənib hazırlanmışdır.
A.Qarayevin rəhbərliyi altında Bakı şəhərində, habelə respublikanın digər rayon və şəhərlərində onlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının, R.Mustafayev adına İncəsənət Muzeyinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin, SOCAR-ın inzibati binası, “Nizami” kinoteatrının və s. binaların mühəndis-müayinə işləri aparılmışdır. Alınmış nəticələr əsasında binaların gücləndirilməsi, bərpası və rekonstruksiyası layihələri işlənilmişdir.
A.Qarayev 1998-ci ildə keçmiş “Göy-Göl” mehmanxanasının rekonstruksiyasının müəlliflərindən biri kimi Beynəlxalq Memarlar İttifaqı Assosiyasının VI Beynəlxalq Müsabiqəsinin laureatı olmuşdur. 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələnin nəticələrini təhlil etmiş, onlarla binanın mühəndis müayinələrinin aparılması və onların gücləndirilməsinə aid tövsiyələrin işlənməsinə rəhbərlik etmişdir.
A. Qarayev Bakı şəhərində və Qazaxıstanın Aktau şəhərində 10-18 mərtəbəli binaların konstruksiya layihələrini işləmiş və Azərbaycanda hündürlüyü 75 m və daha çox olan yaşayış və inzibati binaların layihələndirilməsi və tikintisi üçün xüsusi texniki şərtlərin işlənilməsində iştirak etmişdir.
A.Qarayev “Azərbaycanda İnşaat və Memarlıq” elmi-praktiki jurnalının baş redaktoru və Moskvada nəşr olunan “Tikinti Texnikası Bülleteni” (BST) jurnalının redaksiya heyətinin, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü və Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Abdı Qarayev ölkədə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
· Əlaqə tel: + 994 012 596 37 28
· E-mail: azimeti@arxkom.qov.az