Layihənin məqsədi cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün müasir texnologiyalardan istifadə etmək üzrə bilik və bacarıqların artırılması, bu yolla gənclərin bir-biri ilə əlaqələrinin gücləndirilməsi, sosial fəaliyyətlərdə onları iştirakçılıq üçün səfərbər etməkdən ibarətdir.
Layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 3 qrupda (adı qeyd edilən rayonların hər birində 1 qrup) 45 nəfər üçün foto və video jurnalistikanın əsasları haqqında, eləcə də foto və video jurnalistika texnikası barədə onlayn təlimləri təşkil olunur. Hazırda Lənkəran, Ağcabədi və Xaçmazdan olan yeniyetmə və gənclər arasında həyata keçirilən layihə çərçivəsində onlayn təlimlər keçirilir. Lənkəran və Ağcabədidə təlimlər artıq başa çatmış, Xaçmazdan olan təlim iştirakçıları üçünsə hazırda bu onlayn təlimlər davam edir. Təlimlərdə fəal yeniyetmə və gənclərə foto və video jurnalistikanın əsasları haqqında məlumatın verilməsi, müasir texnologiyalarla foto işinin və videoçarxların hazırlanması texnikası öyrədilir. Təlimlərdə dinləyicilərə təqdim edilən prezentasiyalar xüsusi hazırlanmış CD-lərə köçürülərək iştirakçılara paylanıldı, onlar xüsusi loqo və layihənin adı həkk olunan köynəklər hədiyyə edildi.
Təlimlərdən sonra iştirakçıların hazırladıqları fotolardan ibarət toplu və ssenari ideyaları əsasında kiçik videoçarxların hazırlanması planlaşdırılır. Daha sonra nəzəri biliklərin praktiki tətbiqi üçün təlim iştirakçıları cəmiyyətimizdə müxtəlif istiqamətlərdə (sosial, idman, təhsil, ekologiya, səhiyyə, mədəniyyət və s.) mövcud olan uğurlar və problemlər haqqında öz baxışlarını formalaşdırmaqdan ötrü foto və/və ya videoçarx üçün ssenari ideyaları hazırlayacaqlar. Bu işdə müvafiq ekspertlər onlara yaxından kömək edəcək. Təlimin məzunları özləri smart qurğularla (mobil telefonlar, palnşetlər və s.) ümumilikdə 3 ssenari üzrə videoçarx və 30 fotoşəkil hazırlanması üçün müvafiq fəaliyyətlər həyata keçirəcəkdi. Hazırlanmış və böyük ölçülü yüksək keyfiyyətlə çap edilmiş fotolardan və videoçarxlardan ibarət materiallar geniş ictimaiyyətə nümayiş olunacaq.
Fəaliyyətlərin sonunda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq üçün prezentasiyanın təşkili nəzərdə tutulub. Prezentasiyada layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onların həlli, uğurlar, nəticələr, eləcə də statistik məlumatlar yer alacaq.



