Heydər Əliyev, ümummilli lider
Qədim tarixə malik olan Azərbaycanda xalqımızın keçmişini bu günə daşıyan tarixi yaddaşımız kimi maddi və mənəvi həyatımızın güzgüsü və keçmişdən gələcəyə körpü rolunu oynayan, eləcə də əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli tarix, memarlıq və mədəniyyət abidələri milli dəyərlərimizin, tariximizin və mədəni irsimizin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Tərtər rayonunun Cəmilli kəndində yerləşən və yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi olan “Buzxana” (“Buz mağarası”) da bu cür tarixi abidələrimizdən biridir. Kənd sakinlərinin dediyinə görə, sözügedən mağara XIX əsrin əvvəllərində üç qardaş - Kəniş, Cəmil və Məmməd bəylər tərəfindən tikdirilib. “Buzxana”dan əsasən yaz və yay aylarında buz və ərzaq məhsullarını saxlamaq məqsədilə istifadə olunub. Onun üstündə bişmiş kərpicdən künbəz olub. Yerin altına 40 pilləkən enəndən sonra içərisi qırmızı kərpiclə hörülmüş, təxminən çıxışa qədər 13 sot ərazini əhatə edən “Buzxana”da keçmişdə qış aylarında buz saxlanılıb və yaz-yay aylarında həmin buzlar həm Cəmilli kəndinin sakinlərinə, həm də qonşu rayonların əhalisinə paylanılıb. Samanın içərisində kəl arabalarında daşınaraq paylanan buz yayda çox adamın dadına çatıb.
Əvvəllər “Buzxana”nın çıxışı da olub. Tərtərdəki ən böyük çaylardan biri olan “Xan arxı”nın bir qolu bu çıxışın yanından keçib. Qışda bu çayın qarşısı kəsilib, onun suyu “Buzxana”nın çıxışındakı gölə doldurulub, su orada donub, sonra isə buzlar qırılıb və “Buz mağarası”na daşınaraq orada saxlanılıb.
Bir neçə il əvvəl “Buzxana”nın yerləşdiyi ərazi həyətyanı sahə kimi istifadəyə götürülüb və baxımsızlıqdan onun künbəzi dağıdılıb, onun giriş-çıxışı məişət tullantıları ilə dolub, “Buz mağarası”nın pilləkənləri sıradan çıxmağa başlayıb.
Yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi kimi 5177 nömrəli intventar kimi qeydiyyata alınan “Buzxana”nın dövlət tərəfindən qorunmasına baxmayaraq, bərbad vəziyyətdə olan bu abidənin əsaslı təmirinə ehtiyac var. Keçmişimizin yadigarı olan “Buz mağarası”nın indi tamamilə itib-batmaq təhlükəsi var.
Unutmayaq ki, abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Çünki hər bir xalqın qədimliyi həm də onun əsrlər boyu yaratdığı abidələrində yaşadığı üçün ulularımızın yadigarlarını bərpa etmək keçmişimizin ən yaxşı ənənələrini gələcəyə aparmaq, keçmişimizi qorumaq, gələcək haqqında düşünmək deməkdir. Bu baxımdan qoruduğumuz dəyərlərin gələcək nəsillərə çatdırılması üçün fiziki və təbii aşınmalara məruz qalmış abidələrimizin, o cümlədən “Buzxana”nın da bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməldir. Bu sahəyə olan ehtiyaclar təxirə salınmadan ödənilməlidir.
Əgər XIX əsrin yadigarı olan “Buzxana” bərpa olunaraq əvvəlki görkəminə qaytarılarsa, bu abidə həm iqtisadi inkişafa, həm də bölgəyə turist axınının təşkili yolu ilə turizmin inkişafına xidmət göstərər.
Xatırladaq ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda turizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Bu vacib sahənin inkişaf etdirilməsində tarix və mədəniyyət abidələrinin xüsusi yeri var. Ona görə də bərpa-təmir işlərindən sonra “Buzxana”ya yerli və beynəlxalq ekskursiyaların təşkil edilməsi həm Tərtərdə turizmin inkişafına, həm rayonun iqtisadi cəhətdən dirçəlməsinə, həm də keçmişimizi, qədimliyimizi özündə yaşadan mənəvi dəyərlərimiz olan digər abidələrimiz kimi Buzxana da gələcək nəsillərdə tarixi irsimizə, dəyərlərimizə sevgi aşılayacaq.
Təbriz Vəfalı
Azərbaycan İnformasiya Mərkəzinin direktoru, www.azim.az internet portalının baş redaktoru
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun “Tarixin Şahidləri” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.




